Füzuli və Cəbrayılın işğalı ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib

Füzuli və Cəbrayılın işğalı ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib

23 Avqust 2014 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.

Ziyarətdə Qarabağ Azadlıq Təşkilatının (QAT), "Azıx" İctimai Birliyinin üzvləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsi ehtiramla yad edilib, "Əbədi məşəl" kompleksi önünə əklil qoyulub.

"Azıx" İctimai Birliyinin sədri Tağı Kərimli bildirib ki, Füzuli rayonu Qarabağ müharibəsində 1300 şəhid verib. Onun sözlərinə görə, indiyədək münaqişənin həllini öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu istiqamətdə heç bir addım atmayıb: "Hər il bu münaqişə daha da qızışır. Baş verən proseslər onu göstərir ki, Qarabağ problemini dondurulmuş münaqişə hesab etmək olmaz. Düşünürəm ki, növbəti illərdə Ali Baş Komandanın ətrafında birləşən xalqımız öz torpaqlarını azad edəcək".

QAT sədri Akif Nağı isə jurnalistlər açıqlamasında bu tipli anım mərasimlərinin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, sözügedən ziyarət həm də beynəlxalq təşkilatlara, ölkə ictimaiyyətinə ünvanlanmış bir mesajdır: "Dünya ölkələrinin Qarabağ probleminə qarşı ikili mövqeyi bizə bir daha o həqiqəti göstərir ki, Azərbaycan yalnız öz gücünə arxalanaraq, torpaqlarını düşmən tapdağından azad edə bilər".

Mediainfo.az