Bakı sakinləri, cərimələnə bilərsiniz

Bakı sakinləri, cərimələnə bilərsiniz

13 İyun 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsi təyin olunmayan yerlərdən keçən piyadaların vurulmasının qarşısını almaq, yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə tədbirlər planı hazırlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib ki, tədbirlər planında paytaxt ərazisində yerləşən yeraltı və yerüstü piyada keçidlərinin post patrul xidməti müfəttişləri, sahə inspektorları tərəfindən nəzarətə götürülməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərini aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi tapşırıqları verilib. Vaqif Əsədov bildirib ki, tədbirlər planına uyğun olaraq, şənbə günündən etibarən Səbail, Nəsimi və Yasamal rayon ərazilərindəki yeraltı və yerüstü piyada keçidləri yaxınlığında reydlərə başlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşları, PPX müfəttişləri, Səbail, Yasamal rayon polis idarələrinin rəis müavinləri və DYPŞ əməkdaşlarının iştirakı ilə keçirilən reyddə yol hərəkəti qaydalarını pozan 49 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Bölmə rəisi bildirib ki, onların hər biri "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbi ilə 10 manat məbləğində cərimələniblər. Vaqif Əsədov cərimələnən piyadaların əksəriyyətinin tələbələr və yaşlı qadınlar olduğunu bildirib. Bu il yanvarın 1-dən iyunun 10-dək Bakıda 680 piyada inzibati məsuliyyətə cəlb edilib. Vaqif Əsədov bildirib ki, Bakıda yol qəzalarında piyadaların vurulması 49,8 faiz təşkil edir. Onun sözlərinə görə, bu müddət ərzində qeydə alınan hadisələrdən 4-ü piyadaların günahı səbəbindən baş verib və nəticədə 5 nəfər xəsarət alıb.

Vaqif Əsədov piyadalara yol hərəkət qaydalarına riayət etməyi, özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yaratmamağı tövsiyə edir: "Təyin olunmayan yerlərdən keçən piyadaların günahı üzündən yol qəzaları qeydə alınırsa, hadisənin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb edilirlər. Onların bu hərəkəti Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə tövsif edilərək onlara 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər".

Yeraltı keçidlərdən keçmək heç də yerin altına girmək deyil.

Günel Həbib

O.M.