“Akkord” Türkiyədəki bank hesablarına həbs qoyulması xəbərlərinə aydınlıq gətirib

“Akkord” Türkiyədəki bank hesablarına həbs qoyulması xəbərlərinə aydınlıq gətirib

20 Avqust 2014 15:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva Apa-ya bildirib ki, Azərbaycanın bəzi KİV-də "Akkord" Korporasiyasının Türkiyədə göstərdiyi fəaliyyət çərçivəsində öhdəliklərini yerinə yetirə bilməməsi və bu səbəbdən Korporasiyanın Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılan məlumatlar qərəzli və təhrifedilmiş şəkildə təqdim edilib.

Onun sözlərinə görə, bu məlumat artıq məhkəmədə haqsız olduğu sübut edilən şəxslər və şirkətlər tərəfindən yayılıb: "Bununla bağlı ictimaiyyətə və KİV-ə aşağıdakı məlumatın verilməsini zəruri hesab edirik:

İlk öncə qeyd etmək istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyət çərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə yetirməkdə çətinlik çəkdiyi hər hansı bir öhdəliyi yoxdur. Xəbərdə adı çəkilən, bəzi layihələrdə "Akkord"un subpodratçısı kimi çıxış edən "Ada Metal" A.Ş. adlı şirkət "Akkord" qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyib. Bu səbəbdən "Akkord" "Ada Metal" A.Ş. ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verib. Hesab edirik ki, bu xəbərin yayılması məqsədyönlü şəkildə müqaviləyə xitam verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız və hüquqi əsası olmayan tələblərin irəli sürülməsindən qaynaqlanır.

Qeyd etmək istərdik ki, "Akkord" işini yüksək səviyyədə icra edən və yüksək səviyyəli iş əlaqələri olan, haqqı olana haqqını verməkdən boyun qaçırmayan, lakin bununla yanaşı, öz haqlarını da sonuna qədər müdafiə edən bir qurumdur. "Ada Metal" A.Ş.-nin subpodratçı kimi çıxış etdiyi müqaviləyə şirkətimiz tərəfindən birtərəfli qaydada xitam verilməsi səbəbindən mənfəətinə zərər yetirilən bir qrup şəxslər və qurumlar hazırda şirkətimizə heç bir hüquqi əsası olmayan tələblər irəli sürməkdədirlər. Xəbərdə sözügedən qərar həqiqətə uyğun olmayan tələb və iddialara əsasən, şirkətimizə söz haqqı verilmədən, birtərəfli qəbul olunan qərar olduğundan, şirkətimizin vəkilləri tərəfindən irəli sürülən etirazlar nəticəsində məhkəmə tərəfindən dərhal ləğv edilib. Digər tərəfdən, "Akkord"un xəbərdə adı çəkilən "Öz Volkan" Petrol Şirkəti ilə isə heç bir biznes əlaqəsi və işbirliyi mövcud deyil".

Açıqlamada daha sonra bildirilir ki, hazırda "Akkord" Korporasiyasının Türkiyə Respublikasındakı filialı Soma və Tunçbilek bölgələrində torpaq qazıntı və daşıma işlərinin həyata keçirilməsi layihələrini yerinə yetirir. Tunçbilek bölgəsində həyata keçirilən layihə 25 dekabr 2012-ci ildə başlanıb və layihənin bitirilməsi 2016-cı ilin iyun ayında nəzərdə tutulur. Soma bölgəsində həyata keçirilən layihə isə 22 oktyabr 2013-cü ildə başlanıb və 2015-ci ilin oktyabrında tamamlanacaq.

Mediainfo.az