Bölgələrdə çalışan, həmçinin gənc müəllimlərə müjdə!

Bölgələrdə çalışan, həmçinin gənc müəllimlərə müjdə!

19 Avqust 2014 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qanunda dəyişiklik edib.
Nazirlər Kabineti yeni dəyişikliyi Təhsil Nazirliyinin təklifini nəzərə alaraq qərara alıb. Dəyişikliyə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya veriləcək. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstəriləcək.
Bununla yanaşı rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödəniləcək.
Həmçinin 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödəniləcək.
Qeyd edək ki, bu qərar 2014-cü il sentyabrın 15-dən qüvvəyə minəcək.

Mediainfo.az