FHN Mülki Müdafiə Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

FHN Mülki Müdafiə Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib

12 Avqust 2014 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı meydana gətirilib.

Mərasim başlandıqdan sonra bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər. Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi olub. Hərbi hissə komandirləri hərbi andın əhəmiyyəti haqqında danışıb, gənc əsgərləri əlamətdar gün münasibəti ilə təbrik ediblər.

Hərbi hissə komandirlərinin Psixoloji təminat üzrə müavinləri Hərbi andın əhəmiyyətini vurğulayıb və son günlər Qarabağ cəbhəsində Azərbaycan əsgərinin rəşadət və igidliyini diqqətə çatdırıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, bir xilasedici kimi baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Çıxış edən valideynlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi rolu olduğunu vurğulayıb, bu əlamətdar günün yaratdığı xoş ovqatla ən xoş arzularını dilə gətiriblər.

Gənc əsgərlər söz veriblər ki, Vətənimizə, xalqımıza layiqli əsgər olacaq, Hərbi anda həmişə sadiq qalacaq və verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.

Sonda hərbi orkestrin ifa etdiyi marşın sədaları altında gənc əsgərlər təntənəli şəkildə tribuna önündən keçiblər.

Mediainfo.az