Ad və soyadların verilməsi ilə bağlı prosedur qaydaları açıqlanıb

Ad və soyadların verilməsi ilə bağlı prosedur qaydaları açıqlanıb

9 İyun 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı prosedur qaydalarını açıqlayıb. Nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova "Trend"ə bildirib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ad, ata adları və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir.

Xidmət rəisi qeyd edib ki, soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir. Həmin qərara görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Əliyev soyadında "yev" sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər.

Soyad sonluqlarının dəyişdirilməsinin məcburi olub-olmamasına münasibət bildirən nazirlik rəsmisi qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur.

Bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Xidmət rəhbəri uşaqlara verilən adlarla bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, qaydalara görə uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir.

"Bəzi vətəndaşların savadsızlığı, həmçinin əvvəllər adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması bu sahədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Təsəvvür edin ki, uşaqlarına Fındıq, İnək, Canavar, Dovşan, Kələm, Saat, Maşın və sair kimi gülünc adlar verən valideynlər var. Bu adları daşıyan uşaqlar gündəlik həyatda insanların reaksiyası ilə rastlaşır və psixoloji gərginlik keçirirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına əsas yaradır", - Xidmət rəhbəri vurğulayıb.

Arxaik, kənardan gələn, başqa xalqlardan götürülən adların uşaqlara verilməsi məsələsinə aydınlıq gətirən Reyhan Kərimova bildirib ki, qaydalarda bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, qaydaların tələbinə görə uşaqlara qoyulan adlar onların mənafeyinə xələl gətirməməli və cinsinə uyğun olmalıdır.

"Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə onun xəcalət çəkməsinə səbəb olmasın", deyə bildirib.

Hər iki cinsin nümayəndəsinə verilən adların qoyulmasına münasibət bildirən Kərimova bunun gələcəkdə də heç bir problem yaratmayacağını deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qaydalar yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarına da adların verilməsi həmin qaydalara uyğun olaraq həyata keçiriləcək.

Şəxsin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onun adı və soyadı ilə bağlı problemlər yaranmayacaq: "Əgər hər hansı şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun da göstərilən hüquqları yaranır və bu hüquqlardan öz arzusuna əsasən istifadə edə bilər".

Bəziləri adına ləkə gətirir, bəzilərinə də adı ləkə gətirir.

Tofiq Əliyev

O.M.