Bizim gənclər koreyalı həmkarları ilə görüşdülər

Bizim gənclər koreyalı həmkarları ilə görüşdülər

9 İyun 2011 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

ATGTİ-nin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Koreya Respublikası Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən artıq dörd ildir ki, hər iki ölkə gəncləri ilə bağlı bir sıra mübadilə proqramları həyata keçirilir.

Builki mübadilə proqramı çərçivəsində Azərbaycanda səfərdə olan koreyalı gənclərlə dünən - 8 iyun 2011-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında görüş keçirildi. Görüşün əvvəlində qonaqları salamlayan İttifaqın sədri Şahin İsmayılov ATGTİ haqqında geniş məlumat verərək qonaqları həyata keçirilmiş böyük layihələrlə tanış etdi.

Öz növbəsində qonaqlar iki ölkə arasında gənclər və digər sahələrdə əməkdaşlığın sürətli inkişafından danışaraq, Azərbaycan tərəfinə ölkəmizdəki təhsil sistemi, tələbə təşkilatları və bu kimi mövzularla bağlı suallar verdilər. ATGTİ nümayəndələri verilən sualları ətraflı şəkildə cavablandırdılar.

Daha sonra koreyalı gənclər öz milli musiqi alətlərində bir neçə mahnı ifa edərək, milli geyimlərində rəqs nümayiş etdirdilər. Görüşün sonunda onlar milli adət-ənənələrini, tarix və coğrafiyalarını əks etdirən video materiallar göstərib, İttifaqa hədiyyələr təqdim etdilər.

Qeyd edək ki, koreyalı gənclər 31 may tarixindən Azərbaycandadırlar və səfər çərçivəsində onlar Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etmişlər.

Gənclər cəmiyyətin gələcəyidir. Dostluqlar isə gələcəyin təminatıdır...

Hafiz Əhmədov

O.M.