Bakı üzrə ayrıca televiziya və radio kanalı açıla bilər

Bakı üzrə ayrıca televiziya və radio kanalı açıla bilər

8 İyun 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun məbləği dəyişdiriləcək. Artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya və radio yayımı üçün tələb olunan dövlət rüsumunun dəyişdirilməsi ilə bağlı müvafiq strukturlarla məsləhətləşmələr aparıb. "Oxumeni.az" "APA"ya istinadən xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli öz açıqlamasında bildirib ki, bütün ölkəyə yayımlanan televiziyalar üçün əvvəlki kimi 11000 manat lisenziya məbləği nəzərdə tutulub: "Regional televiziya yayımı üçün 3000 manat, ölkə üzrə radio yayımı üçün 5000 manat, abonentlərin sayı 5000-ə qədər olan kabel şəbəkəsi üçün 3000 manat, abonentlərin sayı 5000-dən çox olan kabel televiziyaları üçün 6000 manat, peyk yayımı 1000 manat lisenziya məbləği təklif edilib".

Şura sədrinin sözlərinə görə, ilk dəfə olaraq Bakı şəhəri üzrə televiziya və radio yayımı üçün də lisenziya məbləği müəyyənləşdirilib: "Bakı şəhəri üzrə televiziya yayımı 5500 manat, Bakı şəhəri üzrə radio yayımı 2500 manat nəzərdə tutulub. Lisenziyanın məbləğinin dəyişdirilməsi ədalət prinsipinin qorunması ilə bağlıdır. Əvvəllər bütün televiziya kanalları 11000 manat ödəyirdi. Biz əslində lisenziyaların məbləğinin azaldılmasının tərəfdarıyıq. Azərbaycanda müxtəlif şirkətlərin iqtisadi durumu fərqlidir. Teleradio kanallarının da reklamla bağlı vəziyyəti o qədər yaxşı deyil. Ona görə də hesab edirəm ki, lisenziyaların dəyəri nə qədər az olsa, o qədər yaxşıdır".

N. Məhərrəmli paytaxt üzrə ayrıca televiziya və radio kanalının açılmasının mümkün olduğunu da deyib: "Hər şey ola bilər. Bir var ölkə üzrə televiziya kanalı olsun, bir də var paytaxt Bakı üzrə. Xarici ölkələrdə paytaxtlarda televiziya kanallarının sayı çoxdur. Amma bu, gələcəyin söhbətidir".

Paytaxtda televiziya və radio kanalları artacaq, bu yaxşı haldır. Amma təəssüf ki, yay fəslində su kanalları artmır...

Tofiq Əliyev

O.M.