Dolu və leysan yağışları Zaqatalada problemlər yaradıb

Dolu və leysan yağışları Zaqatalada problemlər yaradıb

7 İyun 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Zaqatala rayonunda da bir sıra fəsadlar törədib. Ötən gün axşam saat 18.00 radələrində rayon mərkəzinə, rayonun Yuxarı Tala, Aşağı Tala Göyəm və Böyük Qafqaz dağlarının cənub ətəyinə Zaqataladan keçən hissəsinə qısa müddətli leysan yağışları yağıb, Zaqatala şəhərinə və dağlıq ərazilərə dolu düşüb. Nəticədə Tala çayında suyun səviyyəsi qalxıb, adı çəkilən ərazilərdən axan xırda çaylarda qısa müddətli daşqın olub. Dağ yamaclarına yağan leysan yağışlarının Zaqatala şəhəri ərazisinə axması nəticəsində Sələddin Kazımov, Azərbaycan və Heydər Əliyev prospektlərinin müəyyən hissələrində yol örtüyü dağılıb. Azərbaycan prospekti və Sələddin Kazımov küçəsində bir-sıra evlərin zirzəmilərinə yağış suları dolub. Fövqəladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikasının hesabına zirzəmilər leysan yağışları sularından təmizlənib. Yol örtüyü dağılmış küçələrdə təmizlənmə işləri gedir, küçələrin dağılmış hissəsinə yeni asfalt örtüyü çəkiləcək.

Leysan Zaqatalanı problem yağışına tutub.

Tofiq Əliyev

O.M.