Mağaza qarətçiləri axtarılır

Mağaza qarətçiləri axtarılır

3 İyun 2014 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən ilin noyabrında Şamaxı rayonunun Göylər kəndində baş verən oğurluq hadisəsinin üstü hələ də açılmayıb. Bu barədə mətbuata Şamaxı Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, kəndin mərkəzində yerləşən Atakişi Musayevə məxsus qarışıq mallar mağazasından oğurluq edən şəxslərin müəyyən edilərək tutulması üçün hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polis Şöbəsindən deyiblər ki, cinayətin üstü hələ də açılmayıb.

Ötən ilin noyabrında naməlum şəxslər mağazanın pəncərəsindəki dəmir çərçivəni sındıraraq içəri daxil olub və orada mövcud olan bankomatın arxasındakı pul seyfinin qapısını özləri ilə gətirdikləri qaynaq aparatı ilə əridiblər. Seyfi açan oğrular içindəki pulları götürüblər və izi itirmək məqsədi ilə mağazanı yandırıblar. Qarətçilər özləri ilə gətirdikləri qaynaq aparatını və qaz balonunu da işlək vəziyyətdə qoyaraq mağazanı tərk ediblər.

Oğurluq hadisəsinin yeganə şahidi olan bankomatın və mağazanın təhlükəsizlik kameraları da yararsız hala salınıb. Bundan başqa, qarətçilər bankomatdan götürdükləri pullardan başqa onun əmlakına da 5000 manat maddi ziyan vurublar.

Belə ki, oğrular mağazadan bir necə geyim əşyası, qida məhsulları, telefon danışıq kartları da aparıblar. Bankomatda nə qədər pulun olduğu və oğurluğun kimlər tərəfindən həyata keçirildiyi məlum deyil.
Polis Şöbəsindən həmçinin bildiriblər ki, bu yaxınlarda Gəncə şəhərində həbs olunan mütəşəkkil dəstə üzvlərinin Göylər kəndində baş verən oğurluq hadisəsinə heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə şəhər Baş Polis İdarəsi çoxsaylı oğruluq, quldurluq cinayətlərini törədən mütəşəkkil dəstənin zərərsizləşdirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, mütəşəkkil dəstə üzvləri Gəncə şəhərində və ayrı-ayrı rayonlarda oğurluq, quldurluq cinayətləri törədiblər.

Mediainfo.az