Bakını bürüyən Türkmənistan tozu

Bakını bürüyən Türkmənistan tozu

2 İyun 2014 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Səhər saatlarında atmosfer havasından götürdüyümüz nümunələrdə tozun miqdarı normadan 2-3 dəfə çox idi".

Bunu apa -ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M. Avazova bildirib ki, bu, çirkləndirici toz deyil, fiziki tozdur, təbii haldır: "3 gün əvvəl Türkmənistanda səhrada burulğanlı külək əsməyə başlayıb. Azərbaycanda isə zəif şərq küləyi əsirdi. Şərq küləyi artıq bu gün şimal-şərq küləyinə keçdikdən sonra küləyin sürəti bir az artdı. Nəticədə, həmin tozlu külək Abşeron yarımadası ərazisində də müşahidə olundu. Artıq sabahdan etibarən şimal küləyi əsməyə başlayacaq. Bundan sonra səpələnmə yaxşı getməlidir. Təxminən 1-2 günə toz səpələnib normal vəziyyətə gələcək".

***

"Bakı və Abşeron yarımadasında bir neçə gündür, müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən hava kütlələri ilə bağlıdır".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

U. Tağıyeva bildirib ki, 2-3 gündür şərq axınlarının üstünlüyü müşahidə olunur: "Artıq bir neçə gündür, şərq istiqamətli külək əsir. Türkmənistandan sahilyanı ərazilərə nisbətən tozlu hava kütlələri daxil olur. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Zəif külək müşahidə olunduğundan həmin toz kütlələrinin səpələnərək dağılması hələlik mümkün olmur".