Tələbəsinə əxlaqsızlıq təklif etməkdə suçlanan müəllim danışdı

Tələbəsinə əxlaqsızlıq təklif etməkdə suçlanan müəllim danışdı

2 İyun 2014 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Direktor arxasında Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin və Baş Prokuror Zakir Qaralovun olduğunu söyləyir"

Bakı Sənaye Pedoqoji Kollecinin tarix müəllimi Hüseyn Sadıqlı rüşvət almaqda və xanım tələbələrdən birinə əxlaqsız təklif irəli sürməkdə ittiham olunur.

"Qafqazinfo" saytına müraciət edən müəllim ittihamların əsassız olduğunu və bütün olanların kollecin direktoru Vidadi Orucovun tapşırığı ilə idarə olunduğunu iddia edir. Hüseyn Sadıqlı bildirib ki, o, rüşvət almaqla bağlı tapşırıqlara əməl etmədiyi, vicdanla çalışdığı üçün böhtanla üzləşib: "Hər zaman vicdanla çalışmışam. Dərsə gəlməyən tələbələrə "iştirak edib" yazmamışam, dərsimə cavab verməyənlərə iki yazmışam. Bu da direktor və şöbə müdirləri tərəfinfən pis qarşılanıb. Onlar məndən "qayıb"ları silməyimi, jurnalların vərəqlərini dəyişməyimi tələb ediblər. Dediklərinə əməl etmədikdə isə mənə ilk əvvəl xəbərdarlıq, sonra töhmət, daha sonra isə şiddətli töhmət veriblər".

Tarix müəllimi bildirib ki, Təhsil Nazirliyinin "Qaynar xətt"inə dəfələrlə zəng vurub və mayın 26-da Salyan rayonunda nazir Mikayıl Cabbarovla görüşüb: "Nazir Mikayıl Cabbarov, nazir müavini Ceyhun Bayramov, Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə ilə görüşüb, onlara kollecdəki korrupsiya faktları haqqında geniş məlumat vermişəm. Amma hələ də heç bir nəticəsi olmayıb. Şikayətlərdən sonra mənə qarşı təzyiqlər bir qədər də artırıldı. İnformatika fakultəsi, 523-cü qrupda təhsil alan Vəfa adlı qızı "tovladılar". Barəmdə şikayət edib. Guya mən tələbəyə əxlaqsız təklif irəli sürmüşəm. Kollecin Azad Həmkarlar İttifaqı Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə əsasən işdən çıxarılmağıma dair təqdimat yazıb. Tələbə, müəllim və inzibati işçilərin adlarından şikayət ərizələri yazılaraq Sabunçu Rayon Prokurorluğuna göndərilib. Kollecin digər müəllimi Firudin Orucov ərizəsində yazıb ki, mən ABU-nun saxta diplomlarını satmaqla məşğulam. Bir oğlan tələbə isə ondan pul almağım barədə şikayət ərizəsi yazıb. Bunlar hamısı şər-böhtandır. Məktəbin direktoru mənə deyir ki, hara istəsən şikayət elə. Mən onlara sərf edirəm ki, burdayam. O, arxasında Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin və Baş Prokuror Zakir Qaralovun olduğunu söyləyir".

Hüseyn Sadıqlı qeyd edib ki, dəfələrlə kollecin müxtəlif müəllimləri ona tələbələrə qiymət yazmaq üçün pul təklif ediblər.

Mediainfo.az