1 milyon manatlıq oğurluğun təfərrüatları

1 milyon manatlıq oğurluğun təfərrüatları

2 İyun 2014 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobillər aldı, qızlara külli miqdarda pul xərclədi, baş daşının altına 200 min manat qoydu

Bir neçə ay əvvəl Abşeron rayonunda baş vermiş 1 milyon manatlıq oğurluq əməli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Məlumata görə, Xırdalan şəhərində, Şamaxı şosesində yerləşən "Karat" un firmasının baş ofisindən külli miqdarda pul oğurluğuna görə, tutulmuş 1986-cı il təvəllüdlü Ramiz İmaməliyev pulun bir hissəsini avtomobillərə xərcləyib.

R.İmaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min amanatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının baş daşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model "İnfiniti" markalı avtomobil alıb. Həmçinin "Mercedes" markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.

Bundan başqa R.İmaməliyev demək olar ki hər gün şəhərin mərkəzindəki barlardan bir neçə qız götürərək Binəqədi rayonu ərazisindəki otel-restorana gətirirmiş və burada eyş-işrətlə məşğul olurmuş.

Hazırda R.İmaməliyev ətrafında araşdırmalar davam etdirilir.

*****

Bu ilin aprelinin 11-də "Karmen" MMC un məmulatları şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 23 ünvanında yerləşən baş ofisindən külli miqdarda pul oğurlanıb. Axar.az-ın məlumatına görə, polis 450 min manat məbləğində olan bu böyük oğurluq faktının üstünü açıb.

Abşeron RPŞ-dən bildirilib ki, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində mayın 23-də Qobu qəsəbə sakini, 1986-cı il təvəllüdlü İmaməliyev Ramiz Salman oğlu tutulub. Məlum olub ki, Səməd Vurğun küçəsi 41-də yaşayan R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. "Karmen"də törətdiyi talan isə onun üçüncü oxşar əməlidir.

Faktın üstünün açılması nəticəsində daha bir maraqlı fakt da ortaya çıxıb. Belə ki, saxlanılan şəxs şirkətdən 450 min manat deyil, 1 milyon manat apardığını etiraf edib. Qısa müddət ərzində oğurladığı vəsaitin 600 min manatını əyləncə və qızlara xərclədiyini deyən R.İmaməliyev qalan 400 min manatın yerini də göstərib. Əməliyyatçılar pulun 200 min manatının qəbiristanlıqda basdırıldığını öyrənib və R.İmaməliyevin nişan verdiyi yeri qazaraq gizlədilən pulu çıxarıblar. Hazırda məbləğin digər hissəsi və xərclənən pullarla bağlı araşdırmalar davam edir.