Ölüm hökmü verilən qadın azad ediləcək

Ölüm hökmü verilən qadın azad ediləcək

2 İyun 2014 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Dinini dəyişdiyinə görə həbs edilən Məryəm İbrahimin işi dünya ictimaiyyətinin etirazına səbəb olub

Sudanda xristian amerikalı ilə ailə həyatı qurduqdan sonra xristianlığı qəbul edən və buna görə ölüm hökmü verilən Məryəm İbrahim adlı qadın azadlığa buraxılacaq. Bu barədə Sudanın Xarici İşlər Nazirliyi açıqlama verib.
ANS-in məlumatına görə, həbsxanada Məryəm İbrahimin qızı dünyaya gəlmişdi. Məhkəmə isə qadından yenidən İslam dininə qayıtmağı tələb edir və onu ağır cəzanın gözlədiyinə dair xəbərdarlıq edirdi. Lakin bu məsələ beynəlxalq səviyyədə gündəmə gəldikdən sonra Sudan məhkəməsi beynəlxalq ictimaiyyətin təzyiqi altında öz qərarını yenidən nəzərdən keçirməli olub.
"Hazırda məhkəmənin Məryəmin həbsxanadan buraxılmasına dair yekun qərarını gözləyirik. O, heç bir cinayət törətməyib, Sudan qanunvericiliyinə əsasən nikaha daxil olub." - deyə, Məryəm İbrahimin vəkili bildirib.
Sudan qanunvericiliyinə görə, müsəlman qadınlara digər dinlərə etiqad edənlərlə ailə qurmağa icazə verilmir. Lakin Məryəmin anası efiopiyalı xristian olduğundan, o, özünü heç vaxt müsəlman hesab etmədiyini deyib.
Xatırladaq ki, Məryəm İbrahim şəriət qanunlarına əsasən, məhkəmə tərəfindən xəyanətə görə 100 şallaq, dinini dəyişdiyinə görə isə edam cəzası almışdı.

Mediainfo.az