Nikah üçün yaş həddinin qaldırılması təklifi

Nikah üçün yaş həddinin qaldırılması təklifi

3 İyun 2011 12:49
705
Bəyəndim (0) Bəyənmədim (0)


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva YAP-ın saytına müsahibəsində bildirib ki, ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah problemidir. Bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə təkliflər verib: "Biz təklif edirik ki, nikah üçün yaş həddi 17 yaşdan 18 yaşa qaldırılsın. Düzdür, bu istiqamətdə müzakirələr aparılır, amma hələlik yekun qərar yoxdur. Fikrimcə, qanunvericilikdə bu məsələyə baxılmalıdır. Çünki biz uşaq konvensiyasına qoşulmuşuqsa, orada uşaq yaşı 18-ə qədər göstərilir".

O qeyd edib ki, Azərbaycanda ildə 3 minə qədər qız erkən yaşda nikaha girir: "Bu, artıq problemdir. Xəstə doğulan uşaqların əksəriyyətini erkən yaşda ailə qurmuş analar dünyaya gətirir. İkinci bir tərəfdən, bu cür ailələrdə boşanma halları daha çox olur. Çünki uşaq yaşlarında artıq valideyn olan belə şəxslər problemlərlə qarşılaşırlar. Bununla yanaşı, məişət zorakılığı problemi erkən yaşda qurulan ailələrdə daha çox nəzərə çarpır. Yaşı az olan qızlar öz hüquqlarını qoruya bilmirlər. Təəssüf ki, erkən nikahın dəqiq statistikasını müəyyən etmək olmur. Çünki onlar rəsmi nikaha girmədikləri üçün biz bunu doğulan uşağın sayı ilə hesablayırıq. Bu da təxminən 3 minə yaxın edir. Bəzi şəxslər ona görə yaş həddinin qaldırılmasına qarşı çıxır ki, bu say yaş 18-ə qalxandan sonra daha çox ola bilər. Mən bu fikirlərlə razı deyiləm. Düzdür, məsuliyyətsiz valideynlər yenə də bu addımı atacaqlar, amma vətəndaşların əksəriyyəti qanunlara riayət edir".

"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunduğunu xatırladan A. Sofiyeva deyib ki, qanunda qeyd olunduğu kimi məişət zorakılığının qurbanına çevrilən insan üçün müəyyən mərkəzlər fəaliyyət göstərməlidir: "Bu mərkəzlər həmin insanlara həm hüquqi, həm də psixoloji yardımlar göstərəcək. Biz bu məsələdə qardaş Türkiyənin təcrübəsini öyrənirik".

"Qız qalar, qızıla dönər", deyiblər. Amma belə olsaydı heç kim qızını ərə verməzdi.

Tofiq Əliyev

O.M.