Mülki Aviasiyamız 73-cü ildönümünü qeyd etməkdədir

Mülki Aviasiyamız 73-cü ildönümünü qeyd etməkdədir

2 İyun 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)
Bir sıra aviatorlar prezidentin sərəncamı ilə təltif olunublar

Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramlarını - Mülki Aviasiya Gününü qeyd edirlər. MA-nın 73-cü ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə Prezident İlham Əliyevin Mülki Aviasiya Günü ərəfəsində bir sıra aviatorların "Tərəqqi" medalı və fəxri adlarla təltif edilməsi haqqında sərəncamları oxunmuşdur.

Sonra Azərbaycan Mülki Aviasiya Administrasiyasının (AMAA) direktoru Arif Məmmədov çıxış etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkə aviatorları 2006-cı ildən başlayaraq hər il iyunun 2-də peşə bayramlarını qeyd edirlər. Bu gün həm də Azərbaycan mülki aviasiyasının həyatında tarixi bir gündür, ölkəmizin mülki aviasiyasının 73 yaşı tamam olur.
Mülki aviasiyamızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan A.Məmmədov demişdir ki, bu sahədə çalışanlar aviasiyamızın milli strategiyasının əsl memarı olan ulu öndərə daim minnətdar olacaqlar. Ölkəmizdə mülki aviasiyanın bugünkü yüksək inkişaf səviyyəsinə çatmasında, onun infrastrukturunun təkmilləşdirilməsində, aviaparkın daim yeniləşməsində Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısını yüksək qiymətləndirən natiq son vaxtlar bu sahədə aparılan islahatları diqqətə çatdırmış, bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Tədbirdə aviatorlara döş nişanları və hədiyyələr təqdim edilmişdir

Onlar hər zaman göylərdə olmağı və göyə ucaltmağı bacarırlar...

Könül Aypara

O.M.