Meşələrimizdə yanğın təhlükəsi artıb

Meşələrimizdə yanğın təhlükəsi artıb

2 İyun 2011 11:41
Bəyəndim (0) Bəyənmədim (0)


Respublika ərazisində havaların isti və quraq keçməsi, habelə taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ETSN tərəfindən respublikanın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib. Yanğın təhlükəsi gözlənilən ərazilərdə 625 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və köhnə zolaqların təmir edilməsi işlərinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları tərəfindən baş verə biləcək təhlükənin qarşısını almaq üçün Meşə Mühafizəsi və Bərpası Müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, yerlərdə taxıl məhsullarının biçini zamanı fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılmaqla yanaşı, bir çox meşəətrafı ərazilərdə minerallaşdırılmış zolaqların yaradılması üçün müvafiq tədbirlər görülüb.

Əfsuslar olsun ki, bəzi fermer təsərrüfatları və fiziki şəxslər tərəfindən taxıl biçinindən sonra kövşənliklərin, mülkiyyətçilərin pay torpaqlarına daxil olan ərazilərdəki kolluqların, yol kənarlarında mövcud olan yaşıl bitki örtüyünün yandırılması hallarına yol verilir. Bunun nəticəsində də torpağın humus qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pozulması ilə yanaşı, həm də bir sıra hallarda dövlət meşə fonduna daxil olmayan, lakin ətraf mühitin sabitliyinin təmin olunmasında əvəzsiz əhəmiyyət kəsb edən yaşıllıqlar korlanır.

Bağa baxarsan bağ olar, baxmazsan "dağ".

Tofiq Əliyev

O.M.