Bu gün Son zəngdir!

Bu gün Son zəngdir!

31 May 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)
Bütün 11-ciləri təbrik edirik!


31 May

Bu gün şagirdlərin, daha doğrusu, on birincilərin həm sevincli, həm də kədərli günüdür. Sevinirlər ona görə ki, artıq gənclik dövrünə qədəm basırlar, indən belə müstəqil Azərbaycanın azad vətəndaşlarına çevrilirlər. Kədərlənirlər ona görə ki, özlərinə ikinci ev bildikləri məktəblə, ikinci ailə bildikləri sinif yoldaşları ilə, ikinci ana bildikləri müəllimləri ilə vidalaşırlar. Buna baxmayaraq, göz yaşları sevincdən doğur, bunu özləri də təsdiqləyirlər.

Hazırda Nəsimi rayonunda yerləşən 211, 54, Binəqədi rayonunda yerləşən 267, 144 , Yasamal rayonunda yerləşən 13, 52, 38, 167 saylı orta məktəblərdə təntənəli surətdə son zəng tədbirləri davam etməkdədir. Bütün 11-cilərin simalarında sevinc yaşanılır. Bir-birini təbrik edib, arzularına qovuşmalarını diləyirlər. Onu da əlavə edim ki, sözügedən məktəblərdə Eldar və Nigarın "Eurovision-2011"də ifa etdikləri "Running Scared" mahnısı səslənməkdədir. Ümid edirik ki, bu mahnı Azərbaycana uğur gətirdiyi kimi, gənclərimizə də uğur gətirəcək!

Biz də"Oxu Məni" ailəsi olaraq bütün 11-ciləri səmimi qəlbdən təbrik edir, hər birinə həyat yollarında büdrəməməyi arzulayır, yeni-yeni müvəffəqiyyətlər diləyirik! Uğurlar!

Son Zəng


Hər gün səkkizdə oluruq dərsdə,

Bilirəm, müəllim olacaq dərsdə.

Nə qədər yalvarsaq gəlməsin deyə,

Bəxt denən o anda yoxdur ki bizdə.


Bəxtimiz açılsın, gəlməsin dərsə,

Deyərdik bunları bir zaman biz də.

Artıq bu sözləri deyə bilmirik,

Məktəb illərinə "sağ ol" deyirik.


Nə bilirdik ki, illər ötəcək,

Uşaqlıq illəri gəlib keçəcək?

On bir il yaşayıb, boy atdığımız,

Bu məktəb illəri sona yetəcək?


Sanki bir dəftərdir, məktəb illəri,

Birinci sinifdən verilmiş bizə.

On bir il yaşayıb, gördüyümüzü,

Bəyaz səhifəsinə yazmışıq biz də.


Kimi gözəl xətlə yazdı dəftəri,

Kimi qaraladı, atdı kənara,

Kimi də boş qoydu bu səhifələri,

Kimi də rənglədi, bəzədi onu.


Artıq bu dəftərin son səhifəsinə,

Son sözü yazmağın vaxtı gəlibdir.

Bir azdan məktəbi təhvil veririk,

"Əlvida" deməyin vaxtı gəlibdir.


"Son zəngə tələsmə" demək istərdim,

Ancaq zaman bizlər üçün yaman tələsir.

Oğlanlar kövrəlir, qızlar ağlayır,

Məktəb bizim üçün əlçatmaz qalır.


Könül Aypara

O.M.