Paytaxtda möhtəşəm hərbi parad keçiriləcək

Paytaxtda möhtəşəm hərbi parad keçiriləcək

30 May 2011 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az" "APA"-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələri Günü münasibəti ilə iyunun 26-da Bakıda hərbi parad keçiriləcək. Paytaxtın "Azadlıq" meydanında keçiriləcək paradda Silahlı Qüvvələrin bütün növləri iştirak edəcək. Artıq parada hazırlıq işlərinə başlanıb. Parad eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunacaq.

Paradda Müdafiə Nazirliyinin hərbi lisey və məktəbləri, ordu birləşmələri, xüsusi təyinatlı qüvvələr, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti keçid edəcək. Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinə məxsus hərbi gəmilər isə parada dənizdən dəstək verəcəklər. Parad müddətində Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri "Azadlıq" meydanı üzərində aviaşoular nümayiş etdirəcək. Keçiddə Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikaları da iştirak edəcək.

Hərbi mənbələrdən verilən məlumata görə, paradın bir yeniliyi də ilk dəfə olaraq Azərbaycan istehsalı olan hərbi texnikaların və silahların nümayiş etdirilməsi olacaq. Paradda Müdafiə Sənayesi Nazirliyinin "Paramount Group" şirkəti ilə birgə istehsal etdiyi "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri üzərində milli silahlarla təchiz edilmiş halda keçid edəcək. Həmçinin maşınların üzərində İsrail şirkəti ilə müştərək istehsal olunmuş pilotsuz uçan aparatlar, 107 mm-lik reaktiv yaylım atəş sistemləri və s. nümayiş olunacaq. Paradda ilk dəfə olaraq Müdafiə Nazirliyinin Türkiyədən aldığı "Cobra" tipli zirehli maşınların da nümayişi gözlənilir.

Qeyd edək ki, 20 illik müstəqilliyi dövründə Azərbaycanda iki dəfə hərbi parad keçirilib. Birinci hərbi parad 1992-ci il oktyabrın 9-da, ikinci parad isə 2008-ci il iyunun 26-da baş tutub. 2008-ci ilin paradında ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələrinin aldığı son silahlar - Ukrayna istehsalı olan uzaq mənzilli "Smerch", İsrail istehsalı olan "Lar" tipli reaktiv atəş sistemləri, "Tochka-U" raketləri, pilotsuz aparatlar ictimaiyyətə nümayiş etdirilib.

Düzlən! Farağat! Qarabağa doğru addımla marş!

Tofiq Əliyev

O.M.