“Azəriqaz” istehlakçılarla yeni müqavilələr bağlayacaq

“Azəriqaz” istehlakçılarla yeni müqavilələr bağlayacaq

30 May 2011 13:02
1 346
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi qaz istifadəçiləri ilə fərdi müqavilələrin bağlanmasına yaxın vaxtlardan etibarən başlayacaq. "Azəriqaz" İB-nin Qaz Təsərrüfatının İstismarı şöbəsini rəisi Vaqif Namazovun verdiyi məlumata görə, artıq müqavilə blankları sifariş edilib, yaxın vaxtlarda bu işlərə start veriləcək.

Qeyd edək ki, qaz istifadəçiləri ilə fərdi müqavilələr bundan əvvəl də bağlanıb. Amma bir qədər əvvəl Nazirlər Kabinetinin təsdiqlədiyi "Qazdan istifadə Qaydaları"na uyğun olaraq müqavilələrin forması və məzmunu dəyişdirilib. İndi burda evə verilən qazın göstəriciləri, o cümlədən hansı təzyiqlə verilməli olduğu da göstəriləcək. İstifadəçilər bu müqaviləyə uyğun olaraq qazın lazımi keyfiyyətdə, o cümlədən lazımi təzyiqlə verilməsini tələb edə bilər. Hərçənd, indiki qaz sayğacları qazın hansı təzyiqlə verildiyini göstərmir. V.Namazov qeyd edib ki, qaydalara görə, evlərə verilən qazın təzyiqi 0,03 atmosferdən artıq olmamalıdır: "Əks halda, bu bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər". Müqavilələrin bağlanmasına Bakıdan başlanacaq, sonra rayonlarda davam etdiriləcək: "İlin sonuna qədər müqavilələrin hamısı bağlanacaq".

Yeni qaydalara görə, evini və ya mənzilini 1 aydan artıq müddətə tərk edən vətəndaş bu barədə qaz istismarı idarəsini xəbərdar etməlidir. Bu müraciətə uyğun olaraq həmin müddətdə qaz idarəsi evə gələn qazı bağlayır. Şöbə rəisinin sözlərinə görə, bu, baş verə biləcək hadisələrin qarşısını almaq üçün nəzərdə tutulur: "Vətəndaş ərizə ilə müraciət etməlidir ki, mən bir-iki ay evdə olmayacam, bu müddətdə evə gələn qazı dayandırın. Çünki o, mənzildə olmadığı müddətdə qaz sızması baş verə, bu da partlayış və s.-ə səbəb ola bilər. Evinə qayıdanda isə sakin həmin qaydada qazın verilməsi üçün müraciət etməlidir".

"Azəriqaz"ın yeni müqaviləsi abonentlərə "qaz" verəcək...

Tofiq Əliyev

O.M.