Şərqin 93 yaşlı ilk demokratik respublikası

Şərqin 93 yaşlı ilk demokratik respublikası

28 May 2011 12:30
729
Bəyəndim (0) Bəyənmədim (0)
Respublika günümüz

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti 93 il əvvəl, mayın 28-də elan olunub. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişininin iqamətgahında Milli Şurasının iclası keçirilib. Uzun və hərtərəfli müzakirələrdən sonra Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannamə qəbul edir. Osmanlı dövləti ilk olaraq, iyunun 4-də Cümhuriyyətinin müstəqilliyini rəsmən tanıyır və Azərbaycan hökumətinin hakimiyyətinin ölkə ərazisində bərqərar olması, Azərbaycan türklərinə qarşı erməni-bolşevik birləşmələrinin törətdiyi qırğınların dayandırılması üçün hərbi yardım edir.
18 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra iyunun 16-da Milli Şura Gəncəyə köçür. Bakının Stepan Şaumyanın rəhbərlik etdiyi Xalq Komissarları Şurasından azad etmək istiqamətində hazırlıq başlanılır. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşevik qüvvələrini darmadağın edir. Stepan Şaumyanın rəhbərlik etdiyi Xalq Komissarları Şurası istefa versə də, Bakıda Kaspi diktaturası yaradılır. Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli hökuməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. Bakı paytaxtı elan olunur. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir. 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti Azərbaycanın milli bayrağını təsdiq edir. Azərbaycanın milli bayrağı mavi, qırmızı və yaşıl rəngli parçadan hazırlanaraq, üzərində aypara və səkkiz guşəli ulduz təsvir edilir.
Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti tək Şərqdə deyil, bir çox Avropa ölkəsindən belə öncə qadınların seçki hüququnu tanıyıb, demokratik seçkilər keçirib, qısa müddətdə 40 minlik ordu formalaşdırıb, milli valyuta tədavülə buraxıb.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşeviklərin XI ordusunun işğalı nəticəsində süquta uğrayıb. Ancaq Məhəmmədin Əmin Rəsulzadənin dediyi kimi, "Bir kərə yüksələn bayraq bir daha enməyib".
Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa edib və Azərbaycan Respublikası özünü Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib.


Məlumata adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış Məhəmməd Əmin Rəsulzadənin o məşhur sözləri ilə nöqtə qoymaq istəyirəm: "Bir kərə yüksələn bayraq, bir daha enməz!"


Günel Həbib