Naxçıvan DTK-də 28 May Gününə həsr olunmuş lektoriya keçirilib

Naxçıvan DTK-də 28 May Gününə həsr olunmuş lektoriya keçirilib

27 May 2011 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Naxçıvan Dövlət Texniki Kollecində 28 May - Respublika Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda lektoriya keçirilmişdir.
Kollecin direktoru Sevingül Canbaxşıyeva demişdir ki, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir. Çünki Cümhuriyyətin qurulması xalqımızın azadlıq və demokratiya uğrunda apardığı mübarizənin nəticəsi idi.
Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra məhz ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik və müstəqillik ənənələrini davam etdirmişdir.
1990-1993-cü illərdə ulu öndərimizin yaşayıb siyasi fəaliyyət göstərdiyi Naxçıvan milli dövlətçilik ənənələrinin bərpası uğrunda gedən mübarizənin xalq tərəfindən qəbul edilən mərkəzi qərargahına çevrilmişdi. Məhz bu dövrdə Naxçıvan parlamenti dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın ictimai-siyasi həyatına təsir edən taleyüklü qərarlar qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, milli atributun qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılmışdır. 1992-ci il may ayının 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü günündə Azərbaycan ilə Türkiyəni birləşdirən Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Kollecin direktoru demişdir ki, ümummilli liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev müasir və müstəqil ölkəmizin bu gün Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını təmin etmişdir. Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini verməkdədir. Atılan məqsədyönlü addımlar nəticəsində doğma diyarımız əsl intibah dövrünü yaşayır. Regionumuzun son illərdəki inkişaf templəri ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşdiyini, onun arzularının həqiqətə çevrildiyini sübut edib.

Könül Aypara