Azərbaycanın müdafiə naziri Zakir Həsənov Serbiyada rəsmi səfərdədir

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Serbiyada rəsmi səfərdədir

18 Fevral 2014 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya rəsmi səfəri başlayıb.

Azərbaycanın Belqraddakı səfirliyindən apa-ya verilən xəbərə görə, səfər zamanı müdafiə naziri Zakir Həsənov Serbiyanın müdafiə naziri Neboyşa Rodiç və baş nazirin birinci müavini Aleksandar Vuçiç ilə görüşlər keçirib, Serbiyanın Müdafiə Universitetini ziyarət edib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan və Serbiyanın müdafiə nazirləri Azərbaycan hökuməti ilə Serbiya hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Səfərin ilk günü müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycanın Serbiyadakı səfirliyinin heyəti ilə birlikdə Belqrad şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunmuş Taşmaydan parkını ziyarət edib və parkda Heydər Əliyevin, Serbiya yazıçısı Milorad Paviçin, eləcədə 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyublar.

Səfər 18 fevralda başa çatacaq.