
"Azərsu" su verilişi rejimlərinə dəyişiklik edib
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "Azərsu" ASC su verilişi rejimlərinə dəyişiklik edib. "Azərsu" ASC-nin Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsi və" 20-ci Sahə "ərazisində əhaliyə əvvəllər günaşırı su verilirdisə, indi istehlakçılar hər gün qrafiklə su ilə təmin olunur.
Yasamal və Nəsimi rayonlarındakı abunəçiləri 85%-dən çoxunun mənzilinə daimi su verilir. Halbuki bu göstərici indiyə qədər 60%-ə yaxın idi. Yeni rejimə keçiddən sonra Nərimanov rayonunda daimi su sahələrin xüsusi çəkisi 75%-i keçib. Nizami rayonunun Q. Qarayev prospekti və Çobanzadə küçəsində yaşayan abunəçiləri də su təchizatının rejim qrafikinə artım edilib.
Həmçinin, Bakıxanov və Hövsan qəsəbələrinə verilən suyun həcmi xeyli artırılıb. Əgər əvvəllər Bakıxanov qəsəbəsinə sutka ərzində cəmi 4-5 saat su verilirdisə, artıq bu müddət 10-12 saat təşkil edir. Amma Hövsan qəsəbəsində yeni yaşayış massivləri salınarkən mühəndis kommunikasiyaların mövcudluğu və gücü nəzərə alınmayıb, "Azərsu" ASC ilə müvafiq razılaşmaları aparılmayıb. Buna görə həmin ərazilərdə paylayıcı şəbəkə yaradılmayıb və bu gün burda yaşayanların içməli su təminatında müəyyən problemlər var. Problemin 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində köklü şəkildə həll olunacağı bildirilib.
Qaradağ rayonunun Lökbatan qəsəbəsini içməli su ilə təmin edən magistral kəmərinin yenidən qurulmasından sonra bu qəsəbə sakinlərinin su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. İndi qəsəbədəki istehlakçıları 80%-dən çoxu fasiləsiz su alır.
Binəqədi, Sabunçu qəsəbələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində də əməli tədbirlərə başlanıb. Qəbul olunmuş təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq adıçəkilən qəsəbələrin su təchizatında uzunmüddətli fasilələr aradan qaldırılacaq. Burada yaşayanlar müsbət dəyişiklikləri bu yay hiss edəcəklər.
Su problemini həll etmək, heç də "su içmək kimi" asan deyil.
Tofiq Əliyev
O.M.