Azərbaycan milli atlas hazırlayır

Azərbaycan milli atlas hazırlayır

12 Fevral 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın milli atlası 800 xəritəni əhatə edəcək və 19 bölmədən ibarətdir. Bu atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, torpaq, bitki örtüyü, heyvanat aləmi, ekoloji vəziyyət, tariximiz, sənaye, mədəniyyət, təhsil, səhiyyə sahələrini əhatə edən böyük unikal xəritələr toplusundan ibarətdir.

Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədov deyib ki, bunun zəruriliyi ondan ibarətdir ki, 2007-ci ildə ermənilər özlərinin milli atlasını çap ediblər və bu atlasda Azərbaycanın işğal olunmuş ərazilərini öz əraziləri kimi göstərirlər:

"Bu, erməni saxtakarlığıdır. Bunları ifşa etmək üçün Azərbaycanın milli atlasının hazırlanması qərarına gəlinib".

Qeyd edək ki, 2011-ci il aprelin 20-də Prezident İlham Əliyev Azərbaycanın milli atlasının tərtib olunması haqqında sərəncam imzalayıb.

Komitə sədri əlavə edib ki, bundan əlavə, Prezident İlham Əliyev 2012-ci il aprelin 18-də "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin çap edilməsi barədə də sərəncam imzalayıb:

"Bu xəritənin mahiyyəti nədir? Ermənilər iddia edirlər ki, guya, onlar Qafqazın aborigen millətidir, yəni guya, bunlar köklü millətdir. Amma Prezidentin sərəncamı ilə çap etdiyimiz "Cənubi Qafqaz 1903-cü il" xəritəsi ermənilərin bu yalanını ifşa etdi. Bu xəritənin iki özəl cəhəti var. Birinci ondan ibarətdir ki, bunu 1903-cü ildə Çar Rusiyasının hərbçiləri, topoqrafiya idarəsi tərtib edib. İkinci özəlliyi isə ondan ibarətdir ki, xəritədə ümumiyyətlə, Cənubi Qafqazda erməni toponimləri yoxdur. Yəni 1903-cü ilə qədər burada erməni adlı aborigen olmayıb. Burada olan toponimlər Azərbaycan və türk toponimləridir".

Azərbaycanın Gürcüstanla mövcud olan 480 kilometrlik sərhəd ərazisinin 180 kilometri hələ tam razılaşdırılmayıb.

Bu barədə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, indiyə qədər Gürcüstanla 300 kilometri razılaşdırılıb:

"Hesabat ilində mütəxəssislərimiz iki dəfə Gürcüstanda olublar və fikirayrılıqları olan əraziləri müəyyənləşdirmişik. Gürcüstan mütəxəssisləri də iki dəfə Azərbaycanda olublar, bir yerdə bu ərazilərə baxıblar. Komissiya bizi diplomatik kanallar vasitəsilə nə vaxt dəvət edərsə, biz Gürcüstana gedəcəyik. Mübahisəli ərazilərə Balakən ərazisində bazar adlanan yer daxildir. Vaxtilə, ötən əsrin 90-cı illərinin əvvəlində səriştəsiz rəhbərlik olan dövrdə gürcülər gəlib o ərazidə Esmedi kəndi salıblar. Bu, təxminən 15 hektar ərazini əhatə edir. Bundan əlavə, digər mübahisəli ərazilər də var"./modern/