DƏRS: Fövqəladə hallarda özünü necə aparmalı?

DƏRS: Fövqəladə hallarda özünü necə aparmalı?

11 Fevral 2014 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyində "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Təhminə Əsədova burada verilən məlumatların məktəblilərin fövqəladə hallar zamanı davranışlarına müsbət təsir göstərəcəyini deyib. Tədbirin maarifləndirmə baxımından əhəmiyyətinə toxunub.

Tədbirdə çıxış edən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, bu silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəssisələri ilə birgə keçirilir. Tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.

Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə bilgilər verilib. FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub. Xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqların təyinatı, onların iş prinsipləri, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi barədə məlumat verilib.

Sonda axtarış xilasetmə əməliyyatı üzrə nümunəvi praktik təqdimatlar olub.