TQDK: "Ərizə qəbulu başladı"

TQDK: "Ərizə qəbulu başladı"

11 Fevral 2014 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gündən 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə fevralın 11-dən 20-dək aparılacaq.

Bakalavrlar TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını dolduracaq və özləri təsdiq edəcək. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılacaq.

İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, daha ətraflı məlumat TQDK-nın rəsmi saytında yerləşdirilib.