TQDK magistratura pilləsinə qəbul elan edir

TQDK magistratura pilləsinə qəbul elan edir

10 Fevral 2014 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edir. Qəbul imtahanlarında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə 2014-cü ilin fevralın 11-dən 20-dək aparılır. Bakalavrlar TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və özləri təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "Bakalavrın elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.