Yanvarda qoşunların təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb

Yanvarda qoşunların təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb

4 Fevral 2014 16:20
Bəyəndim (0) Bəyənmədim (0)
Silahlı Qüvvələrimizin 2 zabiti şəhid olub, 1 hərbi qulluqçu və 1 mülki sakin yaralanıb

Cari ilin yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi faktlar üzrə aparılan monitorinqin nəticələrinə görə, ötən ay cəbhə xəttində atəşkəs rejimi 1543 dəfə pozulub.

Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 zabiti şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb. Atəşkəs pozuntularının intensivləşməsi yanvarın 20-dən sonra daha da artıb.

Ümumilikdə yanvarın 20-dən 31-dək cəbhədə atəşkəs rejimi 1504 dəfə pozulub. Bir sıra istiqamətlərdə isə sutka ərzində qısa fasilələrlə aktiv döyüşlər gedib.

Yanvarın 20-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusunun diversiya-təxribat qruplarının 5 cəhdinin qarşısı alınıb. Ermənilər tərəfindən yanvarın 23-də cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri atəşə tutulub.

Qeyd edək ki, Apa -nın apardığı monitorinqlərin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ildə atəşkəs rejimi 1796 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb.