“Heydər Əliyev” ordeninin brilyant bərkidilmiş döş nişanı olacaq

“Heydər Əliyev” ordeninin brilyant bərkidilmiş döş nişanı olacaq

3 Fevral 2014 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" Qanuna dəyişiklik müzakirə edilib.

Apa-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Dəyişikliyə əsasən, "Heydər Əliyev" ordeni ulduz, orden zənciri və nişanla yanaşı, həm də döş nişanından ibarət olacaq. "Heydər Əliyev" ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarət olacaq. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidiləcək. Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşəcək. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 brilyant daş bərkidiləcək. Döş nişanı 28 mm x 28 mm ölçüdə olacaq, arxa hissəsinə seriya və nömrəsi həkk ediləcək, əlavə brilyantlar bərkidiləcək.

Layihə səsə qoyularaq qəbul olunub.