Təhsil Nazirliyi ali məktəblərin milli statuslu və adi universitetlərə bölünməsi meyarlarını açıqlayıb

Təhsil Nazirliyi ali məktəblərin milli statuslu və adi universitetlərə bölünməsi meyarlarını açıqlayıb

3 Fevral 2014 13:20
650
Bəyəndim (0) Bəyənmədim (0)

"Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planı hazırlanarkən ölkənin sosial-iqtisadi inkişafı, kadr tələbatı və ixtisasların prioritetliyi təhlil olunmalıdır".

Bunu açıqlamasında Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev gələn ildən həyata keçiriləcək ali təhsilin əsas prioritetlərindən biri olan tələbə qəbulu planının formalaşdırılması barədə danışarkən deyib: "Burada yanaşma ondan ibarətdir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün yüksək keçid balı müəyyənləşdirilməlidir. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu, yüksək reytinqə və daha yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin yaradacaqdır. Digər tərəfdən, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər".

Y. Piriyev qeyd edib ki, 2010-2011-ci tədris ilindən başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Onun fikrincə, dövlət sifarişinin formalaşdırılmasında mövcud əmək bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə alınmalıdır. Təhsil Nazirliyi həmin real tələbatı təmin etmək iqtidarında olan universitetlər arasında seçim aparılması üçün obyektiv meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran elementlərin daxil edilməsini məqsədəmüvafiq hesab edir.