Artıq evsizlər Sumqayıtda da sığınacaq tapa bilərlər

Artıq evsizlər Sumqayıtda da sığınacaq tapa bilərlər

1 Fevral 2014 11:41
966
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də müvəqqəti sığınacaq təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sığınacaq Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 17 a ünvanında yerləşir. Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq ƏƏSMN Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil edib.

Sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20) və Yasamal (Xiyabani küç. 211) rayonlarında yerləşir.

Bütün sığınacaqlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunublar. Yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlarda heç bir məhdudiyyət olmadan yerləşdirilir.