Göyçayda Debat proqramının nəticələri

Göyçayda Debat proqramının nəticələri

26 May 2011 02:19
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay İnkişaf Mərkəzi" İctimai Birliyi (İB) Almaniya Xalq Universitetləri Birliyinin və "British Council"in maliyyə dəstəyi ilə Göyçay rayonunda reallaşdırdığı "Gənclərin sosial həyata inteqrasiya edilməsində imkanların artırılması" layihəsi çərçivəsində Göyçay Debat Proqramının yekun turniri keçirilmişdir. Dünən Göyçay şəhərindəki 1 nömrəli orta məktəbdə təşkil edilən turnirdə orta məktəblərin "Qarabağ", "Qələbə", "İnvisible", "Gənclər", "Gənclər α", "Zəka", "GSM", "Drakon", "Qartal", "Delta" və "Zirvə" komandaları iştirak etmişlər.
"Uğurlu karyeranın qurulması düzgün ixtisas seçimindən asılıdır" mövzusu üzərində qurulan turnirdə şagirdlər araşdırma və təşkilatçılıq, dinləmək, qeyd aparmaq və fikir yürütmək, cəmiyyət qarşısında sərbəst çıxış etmək və natiqlik sənətini inkişaf etdirmək bacarıqlarını göstərmişlər. Finalda ən yaxşı nəticə göstərmiş şəhərdəki 2 nömrəli məktəbin "Zəka" komandası qalib olmuşdur. Komandaya "Göyçay İnkişaf Mərkəzi" İB-nin kubok və medalları verilmişdir. Sonda rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov, "Göyçay İnkişaf Mərkəzi" İB-nin sədri Əzizağa Atakişiyev, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin direktor müavini Seymur Hüseynov gənc debatçıları təbrik edərək onlara uğurlar arzulamışlar. Bütün komandaların üzvlərinə sertifikatlar təqdim olunmuşdur. Xatırladaq ki, Göyçay Debat Proqramı Gənclər və İdman Nazirliyinin, "İrəli" və "Vətəndaş Cəmiyyətində Debat" İB-lərinin dəstəyi ilə keçirilmişdir.

Könül Aypara