Əli Həsənovun yeni jurnalı işıq üzü gördü

Əli Həsənovun yeni jurnalı işıq üzü gördü

26 May 2011 00:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda aylıq ictimai-siyasi, elmi-publisistik "Geostrategiya" adlı yeni jurnalın ikinci nömrəsi çapdan çıxmışdır. Təsisçisi "Kaspi" geosiyasi araşdırmalar mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Azərbaycanda kifayət qədər mətbuat bolluğunda "Geostrategiya" jurnalının nəşrə başlaması hansı zərurətdən yaranmışdır? Bu sualın cavabını jurnalın ilk sayında oxuculara müraciətində baş redaktor, professor Əli Həsənov şərh edərək yazır: "Xalqımızın malik olduğu müstəqil dövlətin geosiyasi xarakteristikasının, beynəlxalq və regional vəziyyətinin, xarici ölkələrlə geosiyasi müstəvidəki əlaqələrinin, Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsi və bütöv Avrasiya subregionunda baş verən geostrateji proseslərin, bölgədə heç də sadə olmayan mürəkkəb regional münasibətlərin, müasir siyasi, iqtisadi, ictimai, təhlükəsizlik və mədəni mühitin ciddi geostrateji təhlilinə, peşəkar mütəxəssis dəyərləndirmələrinə bu gün ciddi ehtiyac duyulur". Jurnalın bu baxımdan qarşıya qoyduğu vəzifələri diqqətə çatdırmaqla Ə.Həsənov qeyd edir ki, hər bir ölkənin daxili və xarici siyasətinin müvəffəqiyyəti, milli inkişaf və təhlükəsizlik maraqlarının təmin olunması ilk növbədə düşünülmüş, elmi-nəzəri cəhətdən əsaslandırılmış milli strategiyanın hazırlanması və ardıcıl həyata keçirilməsindən asılıdır.
Jurnalın məqsədlərinə, həmçinin müxtəlif dövlətlərin yürütdüyü siyasətin elmi təhlilini vermək və onu əsaslandırmaq, geosiyasi, geostrateji və geoiqtisadi proqnozlarla çıxış etmək, əsaslı milli geostrateji tədqiqatların aparılmasında iştirak etmək və bu sahədə əsas milli geosiyasi mərkəzlərdən birinə çevrilmək daxildir. Hazırda Azərbaycan qlobal siyasətdə mühüm və məxsusi mövqe tutan bir ölkəyə çevrilmişdir. Əli Həsənov ölkəmizin gündən-günə güclənməsinin danılmaz fakt olduğunu vurğulayaraq yazır: "Azərbaycanın səsi beynəlxalq aləmdə günbəgün daha ciddi eşidilməkdədir, mövqeləri regionda və dünyada daha çox nəzərə alınmaqdadır. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqillik dövründə formalaşdırdığı və ardıcıl şəkildə yürütdüyü balanslaşdırılmış geosiyasət öz müsbət nəticələrini verməkdədir".
Jurnalın diqqət yönəltdiyi məqamlar sırasında Azərbaycanda geostrategiya, geosiyasət, geoiqtisadiyyat və digər elmi istiqamətlər üzrə mövcud vəziyyətin təhlili dayanır. Bu baxımdan "Geostrategiya" jurnalı ölkənin xarici siyasəti, milli təhlükəsizlik prinsipləri və digər strateji vəzifələrlə bağlı tədqiqatların açıq tribunası kimi çıxış edir. Buna nail olmaq üçün jurnal müvafiq sahənin mütəxəssislərini cəlb etməklə onların Azərbaycanda və dünyada gedən proseslərlə bağlı elmi araşdırmalarını dərc edir. "Geostrategiya" jurnalı neft və təhlükəsizlik strategiyasının hazırlanması və həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması kimi aktual məsələlərə də diqqət ayırır.
Jurnalın artıq işıq üzü görən iki sayında Azərbaycanın geosiyasi mövqeyi, iqtisadi inkişaf strategiyası, dünyada baş verən geosiyasi dəyişikliklər, Xəzər dənizinin geosiyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid tədqiqatlar yer almışdır. Bu nömrələrdə professor Əli Həsənovun "Azərbaycanın müasir geosiyasi inkişafı: mövcud vəziyyət və perspektivlər", "Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri" adlı geniş məqalələri dərc olunmuşdur.
Jurnalın bu nömrələrində Azərbaycanda turizmin nailiyyətləri, incəsənət, memarlıq sahələrinə də aid məqalələr yer almışdır.
Tarix elmləri namizədi, dosent İbrahim Əliyevin redaktoru olduğu bu jurnalın www.geostrategiya.com internet-səhifəsi də tezliklə oxucuların ixtiyarına veriləcəkdir.

Könül Aypara