Qəddafi həyatın mənasız olduğunu etiraf edir

Qəddafi həyatın mənasız olduğunu etiraf edir

25 May 2011 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən gecə saatlarında daha 6 dəhşətli partlayış Liviyanın sükutunu pozdu. 10 dəqiqə davam edən bombardmanda dinc əhali arasında ölənlər və yaralananlar da var. Rəsmi Tripoli 19 vətəndaşın həlak olduğunu bildirməklə yanaşı dövlət televiziyası koalisiya qüvvələrini "xaç yürüşçüləri" adlandırdı.

Fransa Xarici İşlər naziri Alen Jüpe dünən bildirmişdir ki, NATO hücumlarında tərəqqi müşahidə olunur və gözlənilən nəticələr bir neçə aya əldə olunmalıdır. O demişdir: "Artıq Qəddafiyə qarşı etirazlar ölkə üzrə, əsasən də qərb bölgələrində yayılmaqdadır. Kütləvi fərarilik halları da artmaqdadır."

Məxfi məlumatlarda bildirilir ki, Qəddafi hökumətinin bəzi üzvləri üzdə diktatora sədaqətli olduqlarını göstərsələr də, əl altından Qərb ölkələri ilə, əsasən də Fransa ilə separat danışıqlara başlayıblar. Məhz onların dediyinə görə, 41 il diktatorluq etmiş Qəddafi oğlunun və 3 nəvəsinin ölümündən sonra həyatın mənasız olduğunu dəfələrlə etiraf edib. O, artıq Qərbə müqavimət göstərmək iqtidarında və həvəsində deyil.

Xatırladaq ki, diktator bütün çıxışlarında üsyançıları bandit, cinayətkar, Əl Qaidə üzvü və terrorçu adlandıraraq, onlarla və "xaç yürüşçüləri" ilə sonadək vuruşacağına and içmişdir.

Pis və daha pisin arasında istər-istəməz birinciyə bəraət qazandırmalı olursan, yəni pisə. Bu isə o deməkdir ki, dinc liviyalıları qorumaq adı altında onları qıran, ölkəni darmadağın edən koalisiya qüvvələri Liviyaya demokratiya gətirmək yox, oranın neftini mənimsəmək istəyirlər.

Hafiz Əhmədov

O.M.