Leysan Kürdəmirdə ciddi problemlər yaradıb

Leysan Kürdəmirdə ciddi problemlər yaradıb

23 May 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yağan güclü leysan yağışları nəticəsində Kürdəmir rayonunda 200-ə yaxın fərdi yaşayış evi, həyətyanı və əkin sahələrini su basıb. Bu zaman əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı, Azərbaycan, Alı Mustafayev, Əzizbəyov, M.Ə.Sabir, İ.Məmmədov küçələrində və Aran yaşayış massivində, şəhərə bitişik Atakişili və Xırdapay kəndlərində yerləşən 200-ə yaxın fərdi yaşayış evinə dolub, mənzillərin zirzəmisi və həyətyanı sahələr lil örtüyü ilə əhatə olunub. Həyətlərə yığılan suyun hündürlüyü 1 metrə yaxındır. Küçələrdə keçilməz su gölməçələri yaranıb. Bir çox evlər küçələrə nisbətən təxminən 70-80 sm çökəkdə yerləşdiyi üçün daha çox həmin əraziləri sel suları basıb. Həmçinin, Kürdəmir şəhərindəki uşaq-musiqi məktəbinin otaqlarına və həyətyanı sahəsinə də yağış suları dolub. Yağış və sel suları Kürdəmir şəhərinin ərazisinin 60 faizinə ciddi ziyan vurub.

Həmçinin, 20-yə yaxın kənddə və Kürqırağı yaşayış məntəqələrində yağış və sel suları, eləcə də qrunt suları təxminən 200-ə yaxın evin həyətinə dolub, yolları, əkin sahələrini lil örtüb, ümumilikdə 15 min hektara yaxın əkin sahəsinə ciddi ziyan dəyib.

Rayon ərazisinə dayanmadan yağan güclü yağış evlərin sudan xilas edilməsi işini çətinləşdirib. Yalnız bu gün səhər saatlarında yağış dayanıb və əraziyə Kürdəmir rayon Su-Kanal İdarəsinin və FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda ərazilərdə 2 yanğınsöndürən maşın və 10 su nasosu işləyir. Həyətlərdə suyun çəkilərək başqa əraziyə axıdılması istiqamətində işlər davam etdirilir. Rayon Fövqəladə hallar komissiyanın nümayəndələri yağış sularının ziyan vurduğu yerlərdə olublar. Hadisə ilə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə artıq məlumat verilib.

Dərdləri yuyub aparan yağış, bu dəfə dərd gətirdi...

Tofiq Əliyev

O.M.