ATU-nun pediatriya fakültəsi ləğv olunacaq

ATU-nun pediatriya fakültəsi ləğv olunacaq

20 May 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq 2011-2012-ci tədris ili üçün Azərbaycan Tibb Universitetinə (ATU) pediatriya ixtisası üzrə tələbə qəbulu aparılmayacaq!


Universitetin tədris hissə müdiri Nəsimi Qasımovun bildirdiyinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi ali təhsil müəssisələrinin yeni ixtisas siyahısına həmin ixtisas daxil edilməyib. "Bu ildən pediatriya ixtisası üzrə qəbul aparılmasa da, plan yerləri kəsilməyəcək. O plan müalicə işi fakültəsinin plan yerlərinə əlavə edilir. Bu ixtisaslar üzrə hazırlanan kadrların ikisi də müalicə həkimi sayılır. Ona görə də hesab etmək olar ki, böyüklərin və uşaqların həkimləri müalicə işi fakültəsində birləşdiriləcək", - deyə N.Qasımov bildirib. Universitet rəsmisi qeyd edib ki, pediatriya ixtisası üzrə qəbulun dayandırılmasının əsas məqsədi çoxixtisaslılığın qarşısını almaq və bununla da dünya təhsil sisteminə uyğunlaşmaqdır.


"Müalicə işi ilə pediatriya birləşəndə, burada təxminən 750-800-ə yaxın tələbə sayı olacaq. Statistikaya görə, Azərbaycanın 9 milyondan çox əhalisi var. Əhalinin hər milyon nəfəri üçün 100 nəfər həkim hazırlamaq kifayətdir. Dünyada da belədir", - N.Qasımov əlavə edib.


Onun sözlərinə görə, hazırda ATU-da 5 ixtisas - müalicə işi, stomatoloq, əczaçı, tibbi profilaktika, hərbi həkim ixtisası üzrə tələbə qəbulu aparılır.


Xatırladaq ki, Pediatriya fakültəsi 1936-cı ildə Azərbaycan Xalq Səhiyyə Komissarlığının qərarı ilə uşaq səhiyyəsi sahəsində çalışan həkimlərə böyük ehtiyac olduğu nəzərə alınaraq yaradılmışdı. Fakültədə 13 kafedra və 1 kurs fəaliyyət göstərir.

Könül Aypara

O.M.