Təhsil Nazirliyindən müəllimlərə ciddi xəbərdarlıq

Təhsil Nazirliyindən müəllimlərə ciddi xəbərdarlıq

20 May 2011 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Misir Mərdanov ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxt məktəblərinin direktorlarının iştirakı ilə müşavirə keçirib. Nazir təhsil müəssisələrinin əldə etdikləri uğurlardan söz açıb. O, ümumi orta təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və nöqsanların da olduğunu deyib. Nazir bunu təəssüf hissi ilə qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatlıq keçirdiyini nəzərə çatdırıb.

M. Mərdanov 2011-ci ilin yanvar - may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar barədə 223 müraciətin daxil olduğunu qeyd edən nazir bəzi faktları sadalayıb, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı iradlarını bildirib. Nazir, eyni zamanda məktəb direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib.

Müşavirənin sonunda M. Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları, baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.

Könül Aypara