Bu gün Sabir Rüstəmxanlının 65 illik yubileyidir

Bu gün Sabir Rüstəmxanlının 65 illik yubileyidir

20 May 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. ADU filologiya fakültəsinə 1968-ci ildə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib. 1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edib, iki il onun baş redaktoru (baş yazarı) olub. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilib. Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş üzrə komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olub. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. 1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasını yaradıb, bu günə qədər partiyanın sədridir. 1995-ci ildə təkrar parlamentə seçilərək nazir vəzifəsindən istefa verib. Dünya Azərbaycanlıları Konqresinin 2004-cü ildə keçirilən qurultayında DAK Məclisinin sədri seçilib. 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasının Xalq Şairi" fəxri adına layiq görülüb. 2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürüb və qalib gəlib. 2008 və 2010-cu ildən Dünya Azərbaycanlıları Konqresinə həmsədr seçilib. Hazırda Milli Məclisin deputatıdır. Bu gün S.Rüstəmxanlının 65 illik yubileyidir. "Bu günü təmtəraqlı şəkildə deyil, ailə üzvlərimlə keçirəcəyəm. Mən fəxr edirəm ki, Müstəqil Azərbaycanın qurucularından biriyəm!" - deyən xalq şairini bizlər də təbrik edirik!

Biz yubilyara təbriklərimizi şablon sözlərlə çatdırmaq istəmirik. Onu demək istəyirik ki, qoy həyatda heç bir arzusu olmasın, yəni yarandığı andan həyata keçsin...

Könül Aypara

O.M.