Yaponiyada “Hamaoka” AES-in işinin dayandırılmasına başlanılıb

Yaponiyada “Hamaoka” AES-in işinin dayandırılmasına başlanılıb

13 May 2011 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın "Hamaoka" Atom Elektrik Stansiyasının (AES) operatoru "Chubu Electric Power şirkəti stansiyanın reaktorlarını işinin dayandırmasını davam etdirir. Ölkə hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən təkrar zəlzələlərin baş verəcəyi təhlükəsi səbəbindən bundan əvvəl AES-in artıq birinci, ikinci və üçüncü enerji bloklarının reaktorları dayandırılmışdır.

Mayın 13-də dördüncü reaktorun, mayın 14-də isə 5-ci və 6-cı reaktorların dayandırılması planlaşdırılmışdır. Nəticədə stansiyanın fəaliyyəti tam dayandırılacaqdır. Qeyd edək ki, Yaponiyanın Baş naziri Naoto Kan AES-in operatorundan təhlükəsizlik məqsədi ilə stansiyanın işinin tam dayandırılmasını tələb etmişdir. Mayın 13-də Yaponiya hökuməti qəzalı "Fukusima-1" AES-in operatorunu iflasdan qurtarmaq və radiasiyadan zərər çəkmiş insanların hamısına 10 milyard dollar məbləğində müavinət ödənilməsinə imkan verən planı təsdiq etmişdir. Yaponiya hökuməti planın həyata keçirilməsi üçün 10 milyard dollar məbləğində məqsədli dövlət istiqrazları buraxmaq niyyətindədir. Həmin vəsait xüsusi fonda daxil ediləcəkdir. Bura, həmçinin Yaponiyanın energetika şirkətləri də vəsait köçürəcəklər. Fond AES-in operatoru, Asiyada ən iri energetika korporasiyası sayılan "Tokio elektrik pauer" (TEPCO) şirkətinə kredit ayıracaqdır. Bu maliyyə dəstəyi şirkətə maliyyə imkanlarını artırmağa və sərmayədarlarının marağını təmin etməyə kömək edəcəkdir. Belə sərmayədarlar sırasında Yaponiyanın ən iri maliyyə institutlarının adları çəkilir. Bu səbəbdən TEPCO-nun iflasa uğraması ölkənin iqtisadiyyatına ciddi zərbə vura bilərdi.

Radiasiya ilə zəhərlənmiş rayonlardan ölkənin başqa ərazilərinə köçürülmüş kəndlilərə və balıqçılara veriləcək müavinətlərin məbləği hələ müəyyənləşdirilməmişdir. Bu vəsaitin 3-5 trilyon ien (62 milyard dollara yaxın) olacağı bildirilir. TEPCO müavinətlərin ödənişində yuxarı həddin müəyyənləşdirilməməsi barədə üzərinə öhdəlik götürmüşdür. Hazırda korporasiyanın maliyyə vəsaitləri müstəqil ekspertlərdən ibarət xüsusi komissiyanın nəzarəti ilə daxil olur. TEPCO öhdəliklərini yerinə yetirmək məqsədi ilə milyardlarla dollar dəyəri olan əmlakını satacaq, səhmlər üzrə divident ödənişlərindən imtina ediləcək, iş yerlərinin sayını azaldacaq və əməkhaqqını aşağı salacaqdır. Şirkət 13 ildən çox müddətdə hər il fonda 200 milyard ien (2,5 milyard dollar) qaytaracaqdır.

"Fukusima-1" AES-də isə vəziyyət hələ sabitləşmədən çox uzaqdır. Stansiyadan kənara radiasiyanın yayılması davam edir.

Tofiq Əliyev

O.M.