Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

13 May 2011 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxumeni.az"ın məlumatına görə, Xarici İşlər Nazirliyinin rəsmi saytında edilən xəbərdarlıqda bildirilir ki, fevral ayının 15-dən başlayaraq Liviyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamış, Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş vermiş, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul etmiş, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilmişdir.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlamışdır. Hazırda əməliyyatlar Tripoli, Benqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misrata yaxınlığında davam etdirilir. Liviyada münaqişə zonaları hər an dəyişə bilər. Bunları nəzərə alaraq Liviyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Liviyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Tripoli şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları məsləhət görülür.


"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı"

Tofiq Əliyev

O.M.