Ağadadaş Ağayev və "Space" telekanalı "təqdim etdi"

Ağadadaş Ağayev və "Space" telekanalı "təqdim etdi"

31 Avqust 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar Qubadlının işğalının 20-ci ildönümünü bu cür "andılar"

Bu gün Azərbaycan xalqı üçün daha bir xoşagəlməz günlərdən biri kimi anıldı - Qubadlının işğalından tam 20 il ötdü... Qubadlılar bir araya gəlib, 20 il əvvəlki bərabərliklərini nümayiş etdirdilər. Hər biri ayrı-ayrılıqda həm xoş xatirələrindən, həm də vətən xiffətindən bəhs etdilər. Beləcə, həm üzlərdə sevinc sezildi, həm də kədər... Əlbəttə, bu günü təkcə qubadlılar deyil, bütün Azərbaycan xalqı andı. Tezliklə torpaqlarımızın düşmən işğalından azad olunmasından ötrü bir yerdə oldu. Qubadlılara səbr və dözüm arzulandı.

... Bu günü "qeyd edənlər" arasında "Space" telekanalı və xalq artisti adına layiq görülmüş Ağadadaş Ağayev də oldu. Qəribə səslənsə də, hər ikisi qubadlılar üçün əsl "sürpriz" hazırlamışdı desəm, yanılmaram. Götür-qoy edilməmiş, təqvimə nəzər salınmamış, səhər saatlarında "Space"də A.Ağayevin 57-ci ildönümü qeyd edildi. "Sağ olsun" bu xalqın sayəsində fəxri adlarla təltif olunanlar, qubadlılara ürək-dirək vermək, qatı düşmənlərimizi lənətləmək, rayonlarımızın işğal günlərini unutmamaqdan ötrü əllərindən gələni əsirgəməmək əvəzinə, o ki var çalıb-oynamağı daha üstün bildilər. Bir sözlə, təmtəraqlı, tappaturuplu keçən mərasimdə heç nə yaddan çıxmadı, heç nə unudulmadı. Hətta tortkəsmə məqamı belə...

Bircə şey yaddan çıxdı... 20 il öncə məhz bu tarixdə Azərbaycan bir rayonunu itirib – Qubadlını. 20 il əvvəl elə bu dəqiqələrdə neçə-neçə azərbaycanlı erməni gülləsinə tuş gəlib, neçə-neçə ailələr evsiz-eşiksiz, yurd-yuvasız qalıb, kimisi atasını, kimisi anasınıı, kimisi bacı-qardaşını, doğmasını, əzizini itirib...

Bu məqamları dünyaya çatdırmaq, təbliğat aparmaqdansa xalq artisti Ağadadaş Ağayevlə bərabər "Space" telekanalı gələcək nəsilə daha bir rayonumuzun işğal gününü unutmağı aşıladı... Təəsüflər olsun...

Könül Aypara