Makedoniya Azərbaycanın gömrük təcrübələrindən faydalanmaq niyyətindədir

Makedoniya Azərbaycanın gömrük təcrübələrindən faydalanmaq niyyətindədir

12 May 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 12-də Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizdə səfərdə olan Makedoniyanın Gömrük Administrasiyasının rəhbəri Vanço Karqov və gömrük təlim idarəsinin rəhbəri Zlatko Veterovski ilə görüşmüşdür. Komitənin sədri Aydın Əliyev Azərbaycanda gömrük sisteminin yaradılması barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan gömrük sahəsinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Makedoniya ilə işgüzar əlaqələrə toxunan DGK-nın sədri hər iki ölkənin Dünya Gömrük Təşkilatına üzv olduğunu, bu çərçivədə ötən il həyata keçirilən gömrük tədbirlərinin peşəkarlığın artırılması istiqamətində qarşılıqlı sənəd imzalandığını da xatırlatmışdır. Vanço Karqov ölkəsinin gömrük sahəsindəki problemlərinin həllində Azərbaycanlı həmkarlarının təcrübələrindən faydalanmaq istədiklərini dilə gətirmişdir. Qonaq vurğulamışdır ki, gömrük prosedurlarının sadələşdirilməsi və axtarış əməliyyatlarının gücləndirilməsi sahəsində əməkdaşlıq hər iki ölkə üçün son dərəcə vacibdir.

Görüşdə Makedoniyanın da Azərbaycan kimi "bir pəncərə" sistemi ilə fəaliyyət göstərdiyi, ölkənin Avropa İttifaqında bu sistemin tətbiqi ilə yaradılmış işçi qrupunun üzvü olduğu diqqətə çatdırılmışdır. Həmçinin Azərbaycan və Makedoniya arasında kinologiya sahəsində əməkdaşlığın davamı etdirilməsi təklif olunmuşdur. Görüşdən sonra qonaqlar Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi ilə də tanış olmuşlar.



Tofiq Əliyev

O.M.