Yanan qaz quyusu ilə bağlı şok faktlar

Yanan qaz quyusu ilə bağlı şok faktlar

28 Avqust 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus "Bulla-dəniz" yatağının 90 saylı quyusunda 1 həftədən çoxdur ki, davam edən yanğını hələ də söndürmək mümkün olmayıb.

Caspianbarrel.org portalının SOCAR-a istinadə verdiyi məlumatda yanğının sönüdürməsinin uzanmasının səbəbləri açıqlanıb. Məlumatda bildirilir ki, quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edir.

SOCAR və FHN-nin yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanır.

Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, Sərhəd qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyunun ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib. Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub. Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsi ilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.

Əməliyyat zamanı SOCAR-ın Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib.

Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə sosial şəbəkədə quyuda yanğının baş vermə səbəbləri ilə bağlı iginc faktlar qeyd edib. Neft sahəsində çalışan mütəxəssislərdən birinə istinadən məlumat verən M.Qəhrəmanlı yazır ki, 90 saylı quyu təsdiq olunmuş proqram (Geoloji Texniki Tapşırıq) əsasında layihəyə uyğun olan dərinlikdə qazılıb: "Amma sonra məlum olmayan səbəblərdən qazma işləri davam etdirilib. Bu hadisə son bir neçə ayda Sahil qazma idarəsində baş verən 2-ci böyük qəzadır. Birincisi, "Ümüd" yatağında baş verib,hansı ki, quyuda qəzanın nəticələrini aradan qaldırmaq mümkün olmadığından 2-ci lülənin qazılmasına qərar verilib. Nəticədə ölkəyə milyonlarla manat ziyan dəyib.

Hər iki qəza sırf insan faktoru ilə bağlıdır. Məndə olan məlumata görə bulla dəniz yatağinda 22 ,86 və 88 saylı quyularda da müxtəlif vaxtlarda eyni hadisə baş verib. Belə çıxır ki, əvvəlki qəzalardan-yanğından nəticə çıxarılmayıb.

90 saylı quyuda qazma məhlulunun xüsusi çəkisi düzgün seçilməyib və təzahür baş verən zaman quyuağzı avadanlıqdam(preventor) sızıntı müşahidə olunub. Nəticədə fontanın qarşısını almaq mümkün olmayıb. Ola bilsin ki, preventor həmin yataqdakı təzyiqə uyğun seçilməyib və ya quyuağzı avadnalıq quraşdırıldıqdan sonra gözlənilən lay təzyiqinə uyğun test edilməyib".

NHMT rəhbəri qeyd edir ki, ARDNŞ-ın vahid texniki qaydalarına görə fontona qarşı quyuağzı avadanlıq quraşdırılmazdan qabaq passport təzyiqinə (stentdə), quraşdırıldıqdan sonra isə lay təzyiqinə uyğun test edilməlidir. Əgər testin nəticəsi yaxşıdırsa, ARDNŞ-nın Təhlükəsizlik İdarəsinin fontana qarşı rayon mühəndisinin xüsusi yazılı icazəsindən sonra qazma işlərinə başlanıla bilər. Bütün bunlar aktlarla təsdiq edilməlidir və təzyiq testinin qrafiki akta əlavə edilməlidir. /"Bizim yol"/

O.M.