Sumqayıt 2 rayona bölünür - YENİLİK

Sumqayıt 2 rayona bölünür - YENİLİK

27 Avqust 2013 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın vaxtlarda Sumqayıt şəhəri 2 rayona bölünəcək.Bu barədə Sumqayıtın Baş Planının müzakirəsi zamanı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O, bildirib ki, bölgü 9 oktyabr prezident seçkisindən sonra həyata keçiriləcək. Lakin E.Əzizov bölgünün hansı ərazidən aparılacağını və rayonların adlarını açıqlamayıb. Şəhər sakinləri arasında gəzən söz-söhbətlərə əsasən, rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədləri isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək nəzərdə tutulub.

E.Əzizov Sumqayıtın Abşeron rayonunun bəzi əraziləri hesabına genişləndiriləcəyini də açıqlayıb. Çox güman ki, həmin ərazi Ceyranbatan qəsəbəsinə gedən yolun sağını əhatə edəcək. İcra başçısının sözlərinə görə, artıq Abşerondakı həmkarı Zakir Fərəcovdan razılıq alınıb və yalnız hökumətin müsbət qərarı qalıb. O, Baş Planın müzakirəsi zamanı yeni tikintilər üçün məhz həmin ərazilərin ayrılmasını məqsədəuyğun sayıb. E.Əzizov bildirib ki, planı hazırlayanların tikinti üçün təklif etdiyi digər ərazidə villalar, geniş mənzillər tikildiyindən, həmin evlərdə yaşayanların köçürülməsi həm iqtisadi, həm də şəhərin görkəmi baxımından münasib sayıla bilməz.

O.M.