Qaz yatağı yanır

Qaz yatağı yanır

19 Avqust 2013 13:17
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanda qaz yatağında baş vermiş yanğının söndürülməsinə BP də cəlb olunub

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Bulla-dəniz" qaz yatağında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması üzrə proqramın hazırlanması işlərini həyata keçirir.Bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.R. Abdullayev deyib ki, hazırda qaz yatağında yanğın davam edir: "Hadisə yerində ARDNŞ-in və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri çalışırlar. BP də yanğının söndürülməsinə yardımını təklif edib. Biz də onların köməyini qəbul etdik. Çünki BP şirkətinin belə yanğınların söndürülməsində olduqca böyük təcrübələri var".

ARDNŞ prezidenti bildirib ki, hazırda qəzanın baş vermə səbəbləri araşdırılır: "İlkin ehtimallara görə, qəzaya səbəb yüksək təzyiq olub".

ARDNŞ prezidentinin sözlərinə görə, yanğını söndürmək ciddi problem deyil və hazırda vəziyyət nəzarət altdadır: "Biz 90 №-li kəşfiyyat quyusunu xilas etmək üçün işlər görürük. Sevindirici hal budur ki, bu yanğın zamanı heç bir əməkdaşımız xəsarət almayıb".

Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uyğun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb.

O.M.