Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət etdi

Azərbaycanda qadın hərbçi olmaq üçün Nazirliyə müraciət etdi

19 Avqust 2013 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Qənirə Paşayeva 8 illik fəaliyyəti dövründə ən ilginc məktub aldığını açıqlayıb.

Oxumeni.az millət vəkilinin məktubla bağlı təəssüratlarını təqdim edir:"İlk seçki kampaniyasına başlayanda seçicilərə "mənə hər bir məsələ ilə bağlı müraciət edə bilərsiniz amma iki məsələ ilə bağlı müraciət etsəniz, həmin dəqiqə mənfi cavab alacaqsınız: birincisi, "kömək edin, övladım hərbi xidmətə getməsin və ya kömək edin filan bölgəyə, filan xidmətə, filan hərbi hissəyə düşsün", ikincisi, "uşağım (qardaşım, bacım, nəvəm, qohumum və.b.) imtahandan kəsilib onu tapşırın və ya tapşırın ona qiymət yazsınlar"...Ötən illər ərzində, təəsüflər ki, bu kimi "xahiş"lər eşitsəm... və təbii, mənfi cavab versəm də... bu günə qədər də belə mövzular ən çox edilən müraciətlər arasındadır. Bütün bunların fonunda Gəncə sakini Günel Məmmədovanın xahişi məni o qədər məmun etdi ki!.. Onu paylaşmaq istədim, örnək olsun deyə… (Təkcə qızlara deyil, oğlanlara da…)

"Salam. Qənirə xanim, mən qarşılaşdığım bir problemi sizə yazib bildirmək istəyirəm. Mən Gəncə şəhərində yaşayıram. 1981-ci ildə dünyaya gəlmişəm. 2 diplomum var. Hazırda Gəncə şəhərində orta məktəblərin birində işləyirəm. Eyni zamanda da mətbuatda çalışıram, jurnalistəm. Ancaq mənim ən böyük arzum hərbçi olmaq olub. Bu ay yaşadığım şəhərdə yerləşən hərbi hissəyə müraciət etdim. Daha sonra Müdafiə Nazirliyinin elektron ünvanına müraciət yazdım lakin müsbət cavab ala bilmədim. Yaşım uyğun olmadıgından məni Silahli Qüvvələrə qəbul etmədilər. ( - 32 yaşım var.)

Qənirə xanim, yaş amilinə görə arzum niyə gözümdə qalmalıdır? Axı bu hərbi işdir..! Hərbi-vətənpərvərlik işidir!.. Mən niyə belə durumla qarşılaşdım?

Əziz Qənirə xanım, ümidvaram ki, mənim də problemimlə yaxından taniş olub, bu işlə məşğul olarsız. Qabaqcadan sizə minnətdarlığımı bildiririəm. Allah sizə kömək olsun."

Bu müraciəti Müdafiə naziri Səfər Əbiyevə göndərdim. İnanıram ki, belə bir məktub onun da indiyədək aldığı ən maraqlı məktublardan biri olacaq… Cavabı da… Amma mən gənc bir xanımın bu məktubunu gözəl bir örnək olduğu üçün paylaşdım.

Günelə isə təbrik və təşəkkür edirəm. Çünki o rəsmi olmasa da, artıq mənən (mənəvi baxımdan) Azərbaycan ordusunun əsgəridir. Könüllü əsgərlərin sayının çoxluğu isə Azərbaycan üçün çox önəmlidir!".

O.M.