Dövlət qulluğuna qəbulla bağlı test proqramlarına əlavə və dəyişikliklər edilib

Dövlət qulluğuna qəbulla bağlı test proqramlarına əlavə və dəyişikliklər edilib

12 May 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrin test imtahanı mərhələsi ilə bağlı Komissiyanın saytında yerləşdirilən test proqramlarına bəzi əlavə və dəyişikliklər edilib. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, komissiya sədrinin əmri ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirmənin aparılması Qaydaları"na edilmiş dəyişikliyə uyğun olaraq test imtahanında təqdim olunan 15 test tapşırığından ibarət "Dünyagörüşü" test blokuna Azərbaycan haqqında ümumi biliklərlə yanaşı, Azərbaycan dili üzrə biliklərin yoxlanılması üçün də test tapşırıqları daxil edilib. Komissiya qanunvericilik üzrə test proqramına da dəyişikliklər edib. Belə ki, 2010-cu il dekabrın 21-də "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununun qüvvəyə minməsi ilə əvvəlki müsabiqələrdə test proqramına daxil edilmiş "Normativ hüquqi aktlar haqqında" qanun qüvvədən düşüb. Bununla əlaqədar olaraq qüvvədən düşmüş qanunla bağlı mövzular test proqramından çıxarılıb və bura yeni Konstitusiya qanunu üzrə mövzular daxil edilib. Test imtahanlarında namizədlərin məntiqi düşünmə qabiliyyətinin müxtəlif cəhətlərinin yoxlanılması üçün test bankına yeni tipli test tapşırıqları daxil edilib.


"Dəyişək, inkişaf edək"

Tofiq Əliyev

O.M.