Prezident “El Resort” otelində

Prezident “El Resort” otelində

17 Avqust 2013 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 16-da prezident İlham Əliyev Qaxda "El Resort" otelinin Konfrans Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Konfrans Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.Son illərdə respublikamızda turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm obyektlərinin inşası geniş vüsət almışdır. Qax rayonunda da turizm potensialının inkişafı diqqət mərkəzində saxlanılır. Bu baxımdan 2011-ci il noyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "El Resort" otel kompleksi də mühüm əhəmiyyət daşıyır.

Məlumat verildi ki, Konfrans Mərkəzinin tikintisinə 2011-ci ildə başlanıb. Müasir layihə əsasında tikilən mərkəzin ərazisi üç min kvadratmetrdən çoxdur. Sahəsi 1080 kvadratmetr olan birinci mərtəbədəki sütunsuz böyük zalda 900 nəfərə xidmət göstərilə bilər. Zalda dörd böyük ekran və bunlara uyğun proyektorlar quraşdırılmışdır. Böyük zal, həmçinin ən müasir avadanlıqla təchiz edilib.

Konfrans Mərkəzinin mətbəxində quraşdırılmış avadanlıq İtaliyanın "Zanussi" firmasının istehsalıdır.

Mərkəzin ikinci mərtəbəsindəki zallarda da yüksək səviyyəli xidmətin göstərilməsi mümkündür. Zallar ən müasir mobil audio-video avadanlığı ilə təchiz edilmişdir. Mərkəzin ərazisində 100 avtomobillik dayanacaq inşa olunmuşdur. Konfrans Mərkəzində bütün infrastruktur ən müasir səviyyədə qurulub.

Prezident İlham Əliyev Konfrans Mərkəzi ilə tanışlıqdan sonra "El Resort" otelinin tikintisi davam etdirilən "Şimal" blokunun sxemlərinə və fotostendlərinə baxıb.

Məlumat verildi ki, beşmərtəbəli binanın tikintisinə 2012-ci ilin noyabr ayında başlanmışdır və işlərin 2013-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılmışdır. Kompleksin ümumi ərazisi 2,7 hektar, tikinti sahəsi isə iki min kvadratmetrdir. "Şimal" blokunun birinci mərtəbəsində boulinq mərkəzi, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcəkdir. Binada 82 nömrə olacaqdır. Yeni kompleksdə 60 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

O.M.