Azərbaycanda iti amansızcasına döyərək öldürən şəxslərdən biri 500 manat cərimə edilib

Azərbaycanda iti amansızcasına döyərək öldürən şəxslərdən biri 500 manat cərimə edilib

14 Avqust 2013 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iti amansızcasına döyərək öldürən şəxslərdən biri 500 manat cərimə edilib. Bu barədə Apa-ya Fizuli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis mayoru Bəhruz Soltanov məlum verib.B. Soltanov qeyd edib ki, iti döyən şəxs, 1997-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Həsən Şahin oğlu Hüseynov, hadisəni telefonla kameraya çəkənlər isə 1996-cı il təvəllüdlü Sənan Seyfəddin oğlu Məmmədov və 1999-cu il təvəllüdlü, 8-ci sinif şagirdi Şaiq Fiday oğlu Həsənovdur.

Baş verən hadisədə iştirak edən H. Hüseynov və Ş. Həsənov azyaşlı olduqlarından onların barəsində inzibati protokol tərtib edilərək, rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayan şəxslər üzrə iş şöbəsinə göndərilib.

S. Məmmədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 129.1 (heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə) maddəsi ilə protokol tərtib edilib və o, 500 manat cərimə edilib.

Bir neçə gün əvvəl Azərbaycanda itin amansızcasına döyülərək öldürülməsini əks etdirən videogörüntünün sosial şəbəkələrdə geniş yayılması ciddi rezonansa səbəb olub. Füzuli rayonu ərazisində baş verən olayın görüntüsündə gənc oğlan itin başına bağladığı kəndiri əlində tutaraq, digər əlindəki ağacla heyvana amansızcasına zərbələr endirir. İtin zərbələrdən, ağrıdan zingildəməsinə baxmayaraq, o, zərbələri davam etdirir, heyvanı can verənə qədər döyür.

Baş verənləri telefonun kamerasına çəkən şəxslər isə bu tükürpərdici səhnəni soyuqqanlılıqla şərh edir, itə zərbələr endirən gənclə birlikdə əylənirlər.

O.M.